Ümid Partiyası “Ana harayı” abidəsini ziyarət edib

XX əsrin faciəsi sayılan, tarixə soyqırım kimi daxil olan qanlı Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Ümid Partiyasının Rəyasət Heyəti və üzvləri Bakının Xətai rayonunda Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Ziyarət zamanı Xocalı soyqırımı abidəsinin önünə qərənfillər qoyulub və soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edilib.

Qeyd edək ki, Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Azərbaycanın ərazisi olan və azərbaycanlılaırn yaşadığı Xocalı şəhərini yerlə yeksan edib.

Erməni terrorçularının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca dünyasını dəyişib. 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırım aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib.

Xocalı faciəsi təcavüzkar erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. “Ana harayı” adlanan Bakıdakı soyqırımı abidəsi də bu faciə qurbanlarının xatirəsinə ucaldılıb.

 

 

 

Şərh yaz