Ümid Partiyası Cəlilabad rayonuna səfər edib – FOTOLAR

Ümid Partiyasının Rəyasət Heyəti rayon təşkilatları ilə görüşlərini davam etdirir. Bu istiqamətdə növbəti səfər iyunun 12-də Cəlilabad rayonuna olub.
Görüşdə partiya sədrinin birinci müavini Ənvər Ağazadə, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Elşən Quliyev, sosial-humanitar məsələlər üzrə şöbə müdiri Elşad Barat iştirak ediblər. Onlar partiyanın Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəallarla görüşüblər.
Görüşdə ictimai-siyasi məsələlər, eyni zamanda partiyanın təşkilatlanması istiqamətində görülməli olacaq işlər müzakirə edilib. Növbəti konfransa hazırlıq, partiya sıralarının genişləndirilməsi də görüşdə müzakirə mövzusu olub.
Ənvər Ağazadə ölkədəki və bölgədəki ictimai-siyasi duruma diqqət çəkərək Azərbaycanın postmüharibə dövrünə hazır olmasının vacibliyini vurğulayıb. Onun fikrincə, ölkə müxalifəti də müharibədən sonrakı proseslərə ciddi yanaşmalı, hazırlıqlı olmalıdır. O, partiyaların yenidən təşkilatlanması, rayon təşkilatlarının, özəklərin qurulması kimi məsələləri bu istiqamətdə əhəmiyyətli hesab edib.
Ümid Partiyasının Konstitusiyaya və Seçki Məcəlləsinə təklif edilən əlavə və dəyişiklikləri də təhlil edilib, görüş iştirakçılarının bir daha nəzərinə çatdırılıb. Azərbaycan daxilindəki sosial-siyasi-iqtisadi problemlərin həlli istiqamətində Ümid Partiyasının təklifləri müsbət dəyərləndirilib.
Partiyanın Cəlilabad rayon şöbəsinin sədri Aslan Əzimov rayon müxalifətçilərinin durumundan və təşkilatlanmaq üçün yaradılan maneələrdən danışıb.
Görüş zamanı Ümid Partiyasının Cəlilabad rayon təşkilatının yenidən formalaşdırılması istiqamətində təkliflər səsləndirilib və detallı şəkildə müzakirə aparılıb. Eyni zamanda, partiyanın rayon təşkilatının növbəti konfransı ilə bağlı da müzakirələr həyata keçirilib. Konfransa hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.
 
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi
Şərh yaz