Ümid Partiyası Fransa Prezidenti Emmanuel Makronun 12 oktyabr 2022-ci il tarixində “France-2” telekanalına verdiyi müsahibəsində Azərbaycan Respublikasına qarşı siyasi etik normalara zidd, açıq iftiralar söyləməsinə etiraz olaraq, bəyanat qəbul edib.
Bəyanatda deyilir:
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə iki ölkə arasında yaranan münaqişənin həllində 30 ilə yaxın vəsitəçi olan Fransa prezidentinin təcavüzkar Ermənistanı açıq şəkildə dəstəkləməsi hiddət doğurur və Ümid Partiyası tərəfindən qətiyyətlə pislənilir. Fransa prezidentinin bu davranışı vasitəçilik missiyasına, beynəlxalq hüquq normalarına daban-dabana ziddir. Belə ki, E.Makronun bu addımı Fransa dövlətinin regionda sülh yaratmağa çalışmadığının göstəricisidir.
Azərbaycan torpaqlarını işğal edən, dinc əhaliyə qarşı Gəncə, Bərdə, Tərtər, Mingəçevir şəhərlərində dəfələrlə terror aktı törədən, 10 noyabr 2020-ci il Azərbaycan, Ermənistan, Rusiya arasında bağlanan üçtərəfli atəşkəs bəyanatından sonra da mənfur niyyətindən əl çəkməyən, Azərbaycan torpaqlarında minalar basdırmağa davam edən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən işğalçı Ermənistanı açıq şəkildə dəstəkləyən Fransa prezidenti sülh danışıqlarında vasitəçi ola bilməz.
Ümid Partiyası Azərbaycanın dövlət rəhbərliyini Fransa prezidentinin ermənipərəst mövqeyini əsas tutaraq, sülh danışıqlarında Fransanın vasitəçiliyindən imtina etməyə çağırır.