Ümid Partiyası həftəlik (17-21 oktyabr) fəaliyyətini yayımlayıb

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (17-21 oktyabr) fəaliyyəti ilə bağlı məlumat yayıb.

PRESS-RELİZ

(Həftəlik 17-21 oktyabr)

Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin iclasları keçirilib.

Rəyasət Heyətinin toplantısında Azərbaycan, Azərbaycanın daxili və xarici siyasəti müzakirə edilib, Cənubi Qafqazda və bölgədə baş verən proseslər, bu proseslərin ölkəmizə müsbət və mənfi təsirləri təhlil edilib.

Toplantıda bir aydan çoxdur ki, İranda davam edən aksiyalar, əhalinin teokratik rejimə qarşı çıxışları ətrafında dəyərləndirmə aparılıb. Rejimin aksiyalarda iştirak edən güney azərbaycanlı soydaşlarımıza qarşı aparılan ayrıseçkiliyi pislənib.

Rəyasət Heyətinin toplantısında səkkiz aydır davam edən Rusiya-Ukrayna savaşı, Avropanın bu savaşda rolları və İngiltərənin baş naziri Liz Trussun istefası da müzakirə mövzularından olub.

Müavinliyin iclasında Zəngilan Beynəlxalq Hava Limanının açılışı alqışlanıb, Türkiyə və Azərbaycan prezidentlərinin görüşü müzakirə edilib.

İclasın gedişatında ölkənin dəyişməz mövzularından olan Azərbaycan-Rusiya-Ermənistan arasında 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecədə imzalanan atəşkəs sazişinin bəndlərinin yerinə yetirilməməsi, atəşkəsin pozulması, Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində erməni silahlı qruplaşmalarının törətdikləri təxribatlar ətrafında fikir mübadiləsi aparılıb, az qala  hər gün Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması qəti pislənib.

Müavinliyin toplantısında Ümid Partiyasının ən qısa zaman üçün təklif etdiyi Referendum seçkisinin keçirilməsinin vacibliyi, proporsional seçki sisteminin bərpası xüsusi vurğulanıb, cari işlər və struktur fəaliyyətindən doğan məsələlər də müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.

Toplantıda daxili siyasət də müzakirə edilib və əhalini narahat edən məsələlərdən biri – Azərbaycanda uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımlar və s. məsələlər də müzakirə edilib, həlli üçün təklifləri diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkədə sosial şərait, əhalinin yaşam tərzi yaxşılaşdırılmasa, əhalinin aztəminatlı hissəsinə xüsusi güzəştlər olmasa, kommunal xərclər aşağı salınmasa, uşaqpulları verilməsə, demokratik cəmiyyət idarəçiliyi müsbətə doğru dəyişməsə, xarici siyasətdə nə qədər effektiv addımlar atılarsa, atılsın, ziyan verəcək. Azərbaycanın daxili siyasəti doğru tənzimlənməlidir.

Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və müavinləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın sosial məsələlər üzrə sədr  müavini İlahə Sadıqova) İnternet Televiziyalarında (Xural Tv, Reaksiya Tv, Laf Tv) altı canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, beş yüz minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində dörd milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

 

 

Şərh yaz