Ümid Partiyası həftəlik (31 oktyabr – 4 noyabr) fəaliyyəti ilə bağlı məlumat yayıb

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (31 oktyabr – 4 noyabr) fəaliyyəti ilə bağlı məlumat yayıb

PRESS-RELİZ

(Həftəlik 31 oktyabr – 4 noyabr)

Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin iclasları keçirilib.

Ümid Partiyasının Rəyasət Heyətinin toplantısında öncəliklə ölkədaxili məsələlər – Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yazıçılar Birliyində keçirilən seçkilər müzakirə edilib. Partiya sədri İqbal Ağazadə qeyd edib ki, İsa Həbibbəylinin Azərbaycan Milli Elmlər Akadrmiyasının prezidenti seçilməsi mahiyyət etibarilə sistem dəyişməzsə, heç nəyi dəyişməz. AMEA-nın idarəetmə sistemi, proseslərə yanaşması doğru deyil. Uzun illər – hələ Sovet dönəmindən Milli Elmlər Akademiyası əslində cərimə batalyonunu xatırladıb. Partiya sədri deyib ki, vəzifədən vurulan şəxslərin hamısı akademiyanın sisteminə yerləşdirilib və onlar orada sanki günlərini keçirirmiş kimi görünüblər. Ona görə də sistem dəyişməsə, mahiyyət etibarilə heç nə dəyişməyəcək – deyə İqbal Ağazadə vurğulayıb.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi Qurultaydan danışan partiya sədri bir kəlmə ilə deyib ki, yazıçının, şairin qurultayı olmaz, hekayəsi, povesti, romanı, şeiri, poeması olar.

Rəyasət Heyətinin toplantısından “Siyasi Partiyalar Haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi, yeni layihənin müddəaları təhlil edilib və bir neçə müddəanın ümumiyyətlə layihədən çıxarılması təqdim olunub.

Toplantının gedişatında gündəmin əsas mövzularından olan Rusiyanın Qarabağdakı təxribatından danışılıb və Rusiyanın sülhməramlı adı altında torpaqlarımızdan çıxarılması məsələsi müzakirə mövzularından olub. Belə ki, Rusiyanın Soçi şəhərində keçirilən Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasındakı üçtərəfli görüşdə Rusiya Prezidenti Vladimir Putinin “Azərbaycan ərazisində yerləşdirilən sülhməramlıların 2025-ci ildən sonra mandatı sərhədlərin delimitasiya-demarkasiya və sülh sazişinin imzalanmasından asılı olaraq, uzadıla bilər” ifadəsi sərt şəkildə pislənib və toplantıda qeyd olunub ki, sülh sazişinin imzalanıb-imzalanmamasından asılı olmayaraq, rus qoşunlarının Qarabağdakı sülhməramlı missiyasının vaxtı 2025-ci ildə bitməlidir və mandatlarının müddəti uzadılmamalıdır. Partiya sədri İqbal Ağazadə xüsusi olaraq, vurğulayıb ki, 2020-ci ilin noyabr ayının 9-dan 10-a keçən gecə imzalanan Bəyannaməyə sülhməramlılarla bağı maddənin əlavə edilməsi situativ hadisə idi. Amma bundan sonra Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyinə təminat verməlidir. Beləliklə, Rusiya da istədiyi vaxt Ermənistandan Qarabağa mitinq üçün adam gətirib Azərbaycana təhdid mesajı ötürməməlidir və ümumiyyətlə, “Rusiya” və “sülhməramlı” anlayışları tamamilə bir-birinə ziddir. Partiya sədri deyib ki, Rusiya nə Suriyada, nə Ukraynada, nə də Azərbaycanda sülhməramlı missiyasını həyata keçirə bilib. Azərbaycan indidən addımlarını həm beynəlxalq masada, həm də hərtərəfli istiqamətdə səfərbər etməlidir. Mən Rusiya qoşunlarının Azərbaycan ərazisində qalmasının tərəfdarı deyiləm”, – deyə o, qeyd edib.

Həftə ərzində Ümid Partiyası 29 oktyabr Türkiyə xalqını Cümhuriyyət Gününün 99-cu ili münasibətilə təbrik edib, təbliğat və informasiya şöbəsi səfirliyə təbrik məktubu yollayıb, partiya rəhbərliyi Türkiyənin Azərbaycandakı səfirliyinin keçirdiyi bayram tədbirinə qatılıb.

Müavinliyin iclasında ölkədaxili məsələlər – Ordumuzun təlimləri, hərbi xərclərin artacağı məsələsi müzakirə mövzusu olub.
Bildiyimiz kimi İranda artıq 50 günə yaxındır ki, xalq teokratik rejimə qarşı aksiyalar, mitnqlər keçirir, ölkədəki problemmləri qabardır və indiki rəhbərliyə, İranın ali dini rəhbərinə qarşı sərt şüarlar səsləndirirlər. Güney Azərbaycanlı soydaşlarımız da aksiyalarda aktiv iştirak edir, İranın rasist rejimi soydaşlarımıza qarşı xüsusi tədbirlər həyata keçirərək, fürsətdən istifadə edib, milli-mədəni fəalları tutuqlayıb aparırlar.

Toplantıda qeyd olunub ki, İran fars rejimi Güney Azərbaycanın müstəqilliyindən, Türkiyənin Ankara şəhərində 1 oktyabr 2022-ci il yaradılan Güney Azərbaycanın Müvəqqəti Mühacir Parlamentinin Təşkilat Komitəsindən çox narahatdır. Ona görə də Ermənistandan da istifadə edərək, Azərbaycana qarşı sərhəddə təlim adıyla təxribatlar törədir. Amma İran da artıq anlamalıdır ki, yolun sonundadır və doğru-düzgün seçimini etməlidir. Daha sonra İran adlanan dövlətin ölkəmizin içindəki casuslarının ifşası, Dövlət Təhlükəsizlik Xidmətinin onlarla bağlı əməliyyatı alqışlanıb.

Toplantıda həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyindən aparılan əməliyyatı və həbs edilənlərlə bağlı da danışılıb. İclasda sistemin dəyişməsinin vacibliyi xüsusi olaraq bir daha vurğulanıb.

Müavinliyin toplantısının irəliləyən dəqiqələrində cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.

Rayon şöbələrinin kuratorları rayon təşkilat sədrlərinin hesabatlarına əsasən qeyd ediblər ki, Azərbaycanda uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımlar və s. məsələlər bölgə üçün çox vacib, narahatedici məqamlardır və bu problemin həlli üçün də partiyanın təklifləri diqqətə çatdırılıb. Belə ki, ölkədə sosial şərait, əhalinin yaşam tərzi yaxşılaşdırılması, əhalinin aztəminatlı hissəsinə xüsusi güzəştlər olması, kommunal xərclərin aşağı salınması, uşaqpullarının verilməsi, demokratik cəmiyyət idarəçiliyinin olması, insan haqlarının qorunması, məhkəmələrin azad qərarlar qəbul etməsi ölkədaxili həlli ediləcək ən mühüm addımlardandır.

Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və müavinləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova) İnternet Televiziyalarında (Xural Tv, Reaksiya Tv, Laf Tv) beş canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, beş yüz əlli minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində altı milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

Şərh yaz