Ümid Partiyası “İstiqlal” abidəsini ziyarət edib

Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party 28 May Müstəqillik Günü (Respublika Günü) münasibəti ilə “İstiqlal” abidəsini ziyarət etdi
105 il əvvəl bu gün – 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb.
Ümid Partiyasının Rəyasət Heyəti və partiyanın bir qrup gənc üzvü mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümünü qeyd edib. Bu münasibətlə partiya rəhbərliyi cümhuriyyətin şərəfinə Bakıda ucaldılmış “İstiqlal” abidəsini ziyarət edib.
Ümid Partiyası istiqlaliyyətimizin qazanılması və torpaqlarımızın suverenliyi, bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın ruhunu bir dəqiqəlik sükutla yad edib, “İstiqlal” abidəsinin önünə partiya adından hazırlanmış əklil qoyub.
“Ümid” sədri İqbal Ağazadə Məhəmməd Əmin Rəsulzadənin və silahdaşlarının cümhuriyyət yaratmasını sayğı və sevgi ilə andığını bildirib. O deyib ki, biz o gün müstəqil olmasaydıq, Rusiyanın tərkibində Dağıstan, Qaraçay, Tatarıstan, Çeçenistan və başqa muxtar vilayətlər kimi Azərbaycan da bir muxtar vilayət olardı. Sonra nə olardı? Gürcüstan, Ermənistan müstəqil dövlət idi, Qarabağımızı və digər torpaqlarımızı götürərdilər, necə ki, Qazaxdan, Gədəbəydən ərazi, Zəngəzuru, Göyçəni aparıblar, bir az da ətraf dövlətlər Qazaxdan götürüb öz tərkiblərinə qatardı, Rusiya bir az Dağıstana birləşdirərdi. Nə qalardı? Kiçik bir muxtar vilayət, kiçik bir cameə. Rəsulzadə və silahdaşları bu məsuliyyətin altına girdilər və bir cümhuriyyət yaratdılar. Biz o Cümhuriyyətin varisiyik və nə mutlu bizə ki, bu gün müzəffər Milli Ordumuzun sayəsində Qarabağımızın bir çox hissəsi işğaldan azad edilib. Gün gələcək bütün torpaqlarımız, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran da başda olmaqla, öz nəzarətimizə keçəcək, üçrəngli müqəddəs bayrağımız o torpaqlarda da dalğalanacaq.
Qeyd edək ki, “Respublika Günü” 1990-cı ildən dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək, “Müstəqillik Günü” olub.
“İstiqlal” abidəsi 25 may 2007-ci il tarixində Bakıda, “İstiqlaliyyət” küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılıb.
Abidənin üzərinə 28 may 1918-ci il Tiflisdə qəbul olunmuş “İstiqlal” abidəsinin həm əski, həm də latın əlifbası ilə mətni həkk olunub.
Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party-nın təbliğat və informasiya müavinliyi
Şərh yaz