Ümid Partiyasının Rəyasət Heyəti və üzvləri mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümünü qeyd edib. Bu münasibətlə partiya rəhbərliyi cümhuriyyətin şərəfinə Bakıda ucaldılmış “İstiqlal” abidəsini ziyarət edib. Abidənin önünə partiya adından hazırlanmış əklil qoyulub.
Ümid sədri İqbal Ağazadə cümhuriyyətin yaranmasını və yaradanları sayğı və sevgi ilə andığını bildirib.
Partiya sədri deyib ki, Məhəmməd Əmin Rəsulzadə və silahdaşları böyük bir məsuliyyətin altına girərək, cümhuriyyət yaradıblar: “Biz bu gün nəyimiz varsa, cümhuriyyət adına, dövlət adına, onlara – Rəsulzadə və silahdaşlarına borcluyuq.
Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı şəxsiyyətlər olub ki, onlar dövlətimiz üçün, xalqımız üçün, millət üçün dəyərli addımlar atıblar. Amma kimsə Rəsulzadə, Fətəli xan Xoyski, Əhməd bəy Ağayev, Topçubaşov, Ceyhun Hacıbəyli və yaxud Üzeyir Hacıbəyli, Əhməd Cavad və sairləri qədər bu məmləkət üçün, bu dövlət üçün adlarını saydığım, amma ruhuna sayğı ilə yanaşdığım cümhuriyyətçilərimiz qədər bir şey etməyib. Edə də bilmərik, mümkün olan şey deyil. Biz də Rəsulzadə və silahdaşlarının övladları olaraq, onların borclarını verə bilmərik. Ən başlıcası, onlar bizim üçün bu boyda bir ölkə qoyublar. Onlar bizim üçün hər şey ediblər”.
Qeyd edək ki, 104 il əvvəl, 1918-ci ilin 28 mayında müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. 1990-cı ildən “Respublika Günü” dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək, “Müstəqillik Günü” olub.
“İstiqlal” abidəsi isə 2007-ci il mayın 25-də Bakıda, “İstiqlaliyyət” küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidədir. Abidə üzərinə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş “İstiqlal Bəyannaməsi”nin həm əski, həm də latın əlifbası ilə mətni həkk olunub.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi
P.S. Videoda sözləri və musiqisi Üzeyir Hacıbəyliyə məxsus olan Azərbaycan Xalq Cümhuriyyətinin himni səsləndirilib.
Şərh yaz