Ümid Partiyası partiyanın həftəlik fəaliyyəti ilə bağlı məlumat yayıb (13-17 noyabr 2023)

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (13 – 17 noyabr) fəaliyyəti ilə bağlı məlumat yayıb
PRESS-RELİZ

(Həftəlik 13 – 17 noyabr)

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin növbəti toplantıları keçirilib.

İdarə Heyətinin toplantısında dünyada son dönəmdə baş verənlər, region gündəmi, ölkənin sosial, siyasi, iqtisadi, ictimai vəziyyəti müzakirə edilib, Azərbaycanın xarici siyasəti, Amerika və qərbin Azərbaycana yönəlik münasibəti və ölkədaxili problemlərin həlli istiqamətində fikirlər səsləndirilib.

İclasda partiyanın İdarə Heyəti Ermənistan-Yunanıstan-Kipr birgə hərbi təlimini, Gürcüstanın sərhədlərinin Ermənistana silah daşınması üçün açmasını, Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-ni rədd etməsini, Avropa Şurasının Azərbaycanı tənqid edən bəyanatını, ABŞ Senatının Azərbaycana hərbi yardımı qadağan edən Aktı qəbul etməsini də müzakirə edib.

İdarə Heyəti partiyanın rayon təşkilatlarının bölgə ilə bağlı verdiyi məlumatları da iclas iştirakçılarının diqqətinə çatdırıb. Belə ki, rayon şöbələrinin kuratorları rayon təşkilat sədrlərinin hesabatlarına əsasən qeyd ediblər ki, Azərbaycanda uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımlar və s. məsələlər bölgə üçün çox vacib, narahatedici məqamlardır və bu problemin həlli üçün də partiyanın təklifləri diqqətə çatdırılıb. Partiya rəhbərliyi qeyd edib ki, ölkədə sosial şərait, əhalinin yaşam tərzi yaxşılaşdırılması, əhalinin aztəminatlı hissəsinə xüsusi güzəştlərin edilməsi, kommunal xərclərin aşağı salınması, uşaqpullarının verilməsi, demokratik cəmiyyət idarəçiliyinin olması, insan haqlarının qorunması, məhkəmələrin azad qərarlar qəbul etməsi ölkədaxili həlli ediləcək ən mühüm addımlardandır.

İclas zamanı həmçinin partiyanın təşkilatlanma işi, sosial media üzərindən fəaliyyətin cari vəziyyəti müzakirə mövzusu olub, qarşıda dayanan vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və İdarə Heyətinin üzvləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev, partiyanın İdar Heyətinin üzvləri Tamilla Qulami, Bakir Həsənbəyli, İlahə Sadıqova) ARB24, Reaksiya Tv, Laf Tv, Xural Tv, Bizim Bucaq, Cebhe Tv-də on canlı efirlə izləyici qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, altı yüz əlli minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində altı milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

Şərh yaz