Yanvarın 31-də Ümid Partiyasının Rəyasət Heyəti cümhuriyyətin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğumunun 138-ci ildönümünə həsr olunmuş “ZOOM” konfrans keçirib. Konfransda partiyanın Rəyasət Heyəti, rayon təşklatlarının sədrləri, həmçinin fəal üzvləri iştirak ediblər.
Ümid Partiyasının sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova konfransda əsas çıxışçı olaraq, Məhəmməd Əmin Rəsulzadənin və silahdaşlarının dövlət qurmaq yolundakı çətinliklərindən, həmçinin, onların şəxsiyyətlərinin böyüklüyündən söz açıb: “Bu gün Şərqdə ilk demokratik dövlətin qurucularından biri böyük Məhəmməd Əmin Rəsulzadənin 138 illiyidir. Rəsulzadə və silahdaşları 1918-ci ildə paytaxtı, sərhədi, ordusu, cümhuriyyətçilik, müstəqillik haqqında düşüncəsi olmayan bir xalqın yaşadığı ərazidə yeni dövlət elan etdilər. Bu fakt bir millətin, bir xalqın taleyində misilsiz bir hadisədir”.
O, qeyd edib ki, Rəsulzadə dövlət xadimi kimi Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin iyununda baş vermiş ilk hökumət böhranının aradan qaldırılmasında mühüm rol oynayıb, istiqlalın qorunub saxlanması naminə sədri olduğu Milli Şuranın müvəqqəti olaraq, istefasına razılıq verib. Həmçinin, o, 1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin İstanbul beynəlxalq konfransına göndərilən səlahiyyətli nümayəndə heyətinə sədrlik edib, çox mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın mənafeyini uğurla müdafıə edib, Azərbaycanda hərbi işin təşkili, maliyyə problemi, ərazi məsələsi haqqında Türkiyə rəsmiləri ilə danışıqlar aparıb, Xüsusən Bakı məsələsində çevik və prinsipial mövqe tutub. 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurasının fəaliyyəti bərpa olunduqdan sonra onun sədri kimi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin formalaşdırılmasında mühüm rol oynayıb.
Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə isə qeyd edib ki, Rəsulzadə və silahdaşları olan böyük insanlar yoxdan bir dövlət yaradıblar: “Çox təəssüf ki, bu dövləti yaradan Məhəmməd Əmin Rəsulzadəyə və silahdaşlarına layiq olduqları münasibət göstərilmir. Bu gün onun heykəlini paytaxta, digər şəhərlərə qoymasalar da, onların heykəlləri ürəklərdədir. Nə qədər ki, müstəqil Azərbaycan olacaq, Rəsulzadənin heykəli də insanların ürəyində olacaq”.
Ümid Partiyası sədrinin humanitar məsələlər üzrə müavini Səməd Hətəmov da cümhuriyyətçilərin özlərinin və ideyalarının böyüklüyündən söz açıb: “Demokratik, insan haqlarına hörmət edən bir dövlət qurmuşdular o böyük kişilər. İndi isə nə qədər demokratiyadan kənarlaşmışıq. Cümhuriyyət devriləndən illər sonra Stalin Rəsulzadədən soruşub ki, cümhuriyyət yıxıldı, bu xalqa nə verdiniz?! Rəsulzadə isə deyib ki, çox şey verə bilmədik, amma Azərbaycan xalqına azadlığı dadızdırdıq. Bəli, onlar xalqa azadlığı daddırdılar, azadlıq eşqi ürəklərdən, düşüncələrdən silinmədi və illər sonra xalq milli müstəqilliyi, istiqlaliyyəti uğrunda mübarizəyə qalxdı və müstəqilliynə qovuşdu. Rəsulzadənin komandası o vaxt əsl xalq cümhuriyyəti qurmuşdular. O tarixi unutmaq olmaz”.
Ümid Partiyasının Ali Məclis sədri Rəfail Tağızadə də cümhuriyyət dönəmini Azərbaycan tarixində ən vacib səhifə hesab etdiyini vurğulayıb: “Rəsulzadə və silahdaşlarının adları hər zaman tarixdə öndər, azadlıq aşiqi liderlər kimi səslənəcək. Zaman onların adını da, etdiklərini də yerinı qoyacaq, onların qiymətini verəcək. Onlar olmasaydı, bugünkü Azərbaycan olmayacaqdı. Bunu hər zaman bilməliyik”.
Ümid Partiyası sədrinin müavini, Naxçıvan MR təşkilatının sədri Faiq Əliyev də cümhuriyyətçilərin ağır şəraitdə apardıqları azadlıq mübarizəsindən danışıb, həmin mübarizənin bu gün də örnək götürülməsinin vacibliyini vurğulayıb: “O cür ağır şəraitdə dövlət yaratmaq çox çətin bir iş idi. O böyük insanlar bunu etdilər və bizə azadlıq, müstəqil ölkə miras qoydular, bu mirasa sahib çıxmalıyıq”.
Konfransda digər çıxış edənlər də hazırda da Rəsulzadə yolunun davamçılarının olduğunu, onların varlığından qürur duyduqlarını və öndərin ideyalarını yaşatmağın vacib olduğunu vurğulayıblar.