Ümid Partiyası rayon görüşlərinə start verib – FOTOLAR

Ümid Partiyasının Rəyasət Heyəti partiyanın rayon təşkilatlarının fəaliyyətini stimullaşdırmaq və genişləndirmək məqsədilə rayonlara səfərlərə başlayıb. Bu istiqamətdə ilk səfər iyunun 4-də Saatlı rayonuna olub.
Rəyasət Heyətindən görüşdə Ümid Partiyasının siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, sədrin gənclərlə iş üzrə müavini Mübariz Maxsudov, təbliğat və təşviqat üzrə şöbənin müdiri Röya Rəfili iştirak ediblər. Onlar partiyanın Saatlı rayon təşkilatının rəhbərliyi və fəallarla görüşüblər.
Görüşdə ictimai-siyasi məsələlər, rayon müxalifətçilərinin durumu, partiyanın təşkilatlanması istiqamətində görülməli olacaq işlər müzakirə edilib. Eyni zamanda, növbəti konfransa hazırlıq, partiya sıralarının genişləndirilməsi də görüşdə müzakirə mövzusu olub.
Bakir Həsənbəyli Rusiya-Ukrayna müharibəsinə diqqət çəkərək, demokratik olmayan hakimiyyətlərin geri sayımının başladığını vurğulayıb. Onun sözlərinə görə, diktaturanın hökm sürdüyü, demokratiyadan uzaq, qanunla idarə olunmayan respublikaların ata yurdu Rusiya olduğundan, bu müharibənin həmin ölkələrə ciddi təsiri olacaq. Çünki antidemokratik ölkələri, hakimiyyətləri qoruyan Rusiya, müharibədən sonra həminki gücdə olmayacaq.
Ümid sədrinin müavini qeyd edib ki, Azərbaycan postmüharibə dövrünə hazır olmalıdır. Eyni zamanda, ölkə müxalifəti də müharibədən sonrakı proseslərə ciddi yanaşmalı və hazırlıqlı olmalıdır. Bu baxımdan, partiyaların yenidən təşkilatlanması, rayon təşkilatlarının, özəklərin qurulması çox vacibdir.
Bakir Həsənbəyli ölkədə keçirilməsi ehtimal olunan referendum və parlament seçkilərinə də toxunub və partiyanın bu seçkilərə hazırlıq səviyyəsi barədə fikirlərini bölüşüb. Eyni zamanda, rayon təşkilatlarının seçkilərə hazırlığı, bu istiqamətdə qarşıya çıxan çətinliklər də müzakirə olunub.
Partiyanın Saatlı rayon təşkilatının təmsilçilərindən Sədai Ağayev isə təşkilatlanmaq üçün onlara mane olan səbəblərdən və problemlərdən danışıb.
Çıxış edənlər rayonda müxalifət partiyalarının fəaliyyətindən, vətəndaşların siyasi proseslərdə aktivliyinin olmamasından danışıblar, durumu dəyişmək üçün atıla biləcək addımlar barədə də fikirlərini bölüşüblər.
Görüş zamanı Ümid Partiyasının Saatlı rayon təşkilatının yenidən formalaşdırılması istiqamətində təkliflər səsləndirilib və detallı şəkildə müzakirə aparılıb. Eyni zamanda, partiyanın rayon təşkilatının növbəti konfransı ilə bağlı da müzakirələr həyata keçirilib. Beş nəfərdən ibarət konfransa hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.
Görüşdə partiya yetkililəri rayondakı çoxsaylı sosial problemlər barədə də fikir mübadiləsi aparıblar. Problemlərin həlli və ictimailəşdirilməsi istiqamətində təkliflər verilib.
Ümid Partiyasının Təbliğat və İnformasiya müavinliyi
Şərh yaz