Ümid Partiyasından müəllimlərlə bağlı təklif – TAMİLLA QULAMİ şərh edib

“Azərbaycan Ümid Partiyası 7 fevralda keçirilən prezident seçkilərindən sonra proqram partiyası olduğunu bəyan etdi. Bu istiqamətdə də bir çox sahə üzrə proqramlar təqdim etmişik”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini Tamilla Qulami “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, bunlardan biri də təhsil proqramıdır:
“Biz Azərbaycan Ümid Partiyası olaraq zaman-zaman təhsil sistemindəki qüsurları bəyan etmişik və onların həll olunması ilə bağlı da hakimiyyətə təkliflər paketi vermişik. Ümumiyyətlə, təhsil sisteminin tamamilə dəyişməsinə ehtiyac var. Çünki ölkəmizdə kifayət qədər diplomlu işsiz insanlar var. Azərbaycanda təhsil sahəsində çox sayda əskiklik var. Onlar isə bizə savadlı, öz işində peşəkar və istəkli kadr yetişdirməyə mane olurlar. Bu da partiyamızın təhsil proqramında öz yerini tutmuş məsələlərdən biridir”.
Sədr müavini müəllimlərin sertifikasiyası məsələsinə də toxunub:
“Əfsuslar olsun ki, müəllimlərin sertifikasiya imtahanında gözlənilməz dərəcədə aşağı bal toplayanlar oldu. Bu da öz növbəsində, təhsilimizin nə qədər aşağı olduğunu göstərir. Çox təəssüf ki, aşağı bal yığan abituriyentlər müəllimlik ixtisasını seçirlər. Xüsusilə də ibtidai sinif müəllimliyi və yaxud da məktəbəqədər ixtisas üzrə təhsil almağa üz tuturlar. Bunun da səbəbi bəzi insanların sırf diplom almaq uğrunda mübarizə aparmasıdır. Hansı ki, onların sayı öz peşəsində uğurlu olmaq istəyənlərin sayından daha çoxdur”.
Tamilla Qulami qeyd edib ki, bu sahədəki problemlərin həllinə orta məktəbdən başlamaq lazımdır:
“Orta məktəbdə təhsil alan şagirdlər hər ilin sonunda Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi sistem əsasında imtahan verməlidirlər. Onların biliyi 51-100 bal arasında, yəni 85-100 bal toplayanlar “əla”, 65-84 bal toplayanlar “yaxşı”, 51-64 bal toplayanlar “kafi” qiymətləndirilməlidirlər. Bu proses attestat alana kimi davam etməli və attestat qiyməti buna uyğun müəyyənləşdirilməlidir. Müəllimlərin sertifikasiyadan keçməsi və onların biliklərinin yoxlanılması hər hansısa xüsusi imtahan vasitəsi ilə olmamalıdır. Əgər müəllimlərin dərs dediyi şagirdlərin ümumi balı 75 olarsa, müəllimlə əmək müqaviləsi davam etdirilməlidir. Onun dərs dediyi ilk ildə şagirdlərin ümumi balı 65 olarsa, xəbərdarlıq edilməli və müvəqqəti olaraq, birillik əmək müqaviləsi bağlanılmalıdır. Amma ikinci ildə də dərs dediyi ümumi şagirdlərin orta balı 75-dən aşağı olarsa, əmək müqaviləsinə xitam verilməlidir”.
Həmsöhbətimizin fikrincə, əgər bu siyasət məktəbdə həyata keçirilsə, həm də şagirdlərin özünün də təhsil səviyyəsi yüksək olacaq:
“Bununla da repetitorluq sisteminə son qoyulacaq. Çünki orta məktəbdə dərs deyən müəllim öz məsuliyyətini dərk edəcək və şagirdlərinin yüksək bal toplaması üçün kifayət qədər ciddi fəaliyyət göstərəcək. Biz müəllimlərin biliklərinin sertifikasiya və ya attestasiya kimi imtahanlarla yoxlanılmasının tərəfdarı deyilik. Müəllimlərin qiymətləndirilməsi məhz onun dərs dediyi şagirdlərin illik orta balı üzərindən aparılmallıdır”.
Elmir Mustafa
“Cebhe.info”
Şərh yaz