Ümid Partiyasının rəhbər heyəti Mingəçevirdə səfərdə olub

Ümid Partiyasının Rəyasət Heyəti rayon təşkilatları ilə görüşlərini davam etdirir. Bu istiqamətdə növbəti səfər iyulun 2-də Mingəçevir şəhərində baş tutub.

Növbəti konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin formalaşdırılması üçün təşkil olunan toplantıda Ümid Partiyasının Ali Məclisin sədri Rəfail Tağızadə, İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami iştirak ediblər. Partiyanın Rəyasət heyətinin üzvləri Mingəçevir rayon şöbəsinin rəhbərliyi – rayon şöbəsinin sədri, Məclis sədri, Nəzarət-Təftiş Komissiyasının sədri və fəallar ilə görüşüblər.

Mingəçevir rayon təşkilatının sədri Süleyman Kərimov toplantını açıq elan edib. Şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirə başlanılıb, daha sonra söz Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyevə verilib. Taleh Əliyev Azərbaycanda sosial-siyasi-vəziyyətin gərginliyindən danışıb, problemlərin həlli və 44 günlük savaşdan sonra Qarabağda bərpa işləri və köçürülmə istiqamətində Ümid Partiyasının iqtidara təqdim etdiyi təkliflər paketini iştirakçıların diqqətinə çatdırıb, partiyanın ümumi fəaliyyəti və qarşıda dayanan vəzifələr müzakirə edilib. Taleh Əliyev Rusiya-Ukrayna müharibəsinə diqqət çəkərək, Azərbaycanın postmüharibə dövrünə hazır olmalı olduğunu vurğulayıb, o cümlədən ölkə iqtidarının  da, müxalifətinin də müharibədən sonrakı proseslərə ciddi yanaşmalı və hazırlıqlı olmalı olduğu fikirlərini səsləndirib. O, qeyd edib ki, bu səbəbdən partiyanın yenidən təşkilatlanması, rayon təşkilatlarının, özəklərin qurulması çox vacibdir. Beləliklə, o deyib ki, partiya sıralarının genişlənməsi, gənclərin, xanımların siyasi proseslərdə aktivliyinin təmin edilməsi atılması gərəkən vacib addımlardan biridir.

Ümid Partiyasının təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami Ümid Partiyasının Konstitusiyaya və Seçki Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb və vurğulayıb ki, ölkədə hər kəs iqtidarlı-müxalifətli bölgədə baş verənlərə xüsusi diqqət yetirməli və Cənubi Qafqazın lideri olma imkanının yalnız Azərbaycan ola biləcəyini qeyd edərək deyib ki, prosesləri ciddi izləməli və postmüharibə dönəminə hazırlaşmalıyıq. Tamilla Qulami əlavə edib ki, Azərbaycan heç bir halda Cənubi Qafqaz ansamblını pozmamalı, insan haqlarının qorunmasında, məhkəmələrin azad qərarlar qəbul etməsində, seçkilərin şəffaf keçirilməsində, legitim hakimiyyətin formalaşdırılmasında xüsusi əmək sərf etməlidir, dünya düzəninin yenidən şəkilləndirilməsində ilk olaraq, geridə qalmamalıdır. 

Tədbirin irəliləyən dəqiqələrində ölkədə keçirilməsi ehtimal olunan Referendum və Parlament seçkilərinə də toxunulub və partiyanın bu seçkilərə hazırlıq səviyyəsi barədə fikirlər bölüşülüb. Eyni zamanda rayon təşkilatlarının seçkilərə hazırlığı, bu istiqamətdə qarşıya çıxan çətinliklər də müzakirə olunub.

Partiyanın Mingəçevir rayon təşkilatının fəalları şəhərdəki problemlərdən, vətəndaşların siyasi proseslərdə aktivliyinin az olmasından danışıblar, durumu dəyişmək üçün atıla biləcək addımlar barədə də fikirlərini bölüşüblər. Problemlərin həlli və ictimailəşdirilməsi istiqamətində təkliflər verilib.

Növbəti konfransa qədər 13 nəfərdən ibarət Təşkilat Komitəsi formalaşdırılıb.

Azərbaycan Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

 

Şərh yaz