Ümid Partiyasının Rəyasət Heyəti İstiqlal Abidəsini ziyarət etdi

Ümid Partiyasının Rəyasət Heyəti böyük Məhəmməd Əmin Rəsulzadənin doğumunun 138-ci ildönümündə “İstiqlal” abidəsini ziyarət edib. 
İqbal Ağazadə: “Rəsulzadə və silahdaşları bu məsuliyyətin altına girdilər və bir cümhuriyyət yaratdılar”
Ümid Partiyasının Rəyasət Heyəti və gənc üzvləri yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibəti ilə Bakı şəhərindəki “İstiqlal” abidəsini ziyarət edib. Ümid sədri İqbal Ağazadə M.Ə.Rəsulzadənin və silahdaşlarının cümhuriyyət yaratmasını sayğı və sevgi ilə andığını bildirib. “Məhəmməd Əmin Rəsulzadə heç nədən, heç bir şey olmadan, iyirmi altı nəfər cəsur, böyük azərbaycanlı ilə – silahdaşları ilə bir Azərbaycan evi tikib.
Təsəvvür edin, ölkənin paytaxtı yox, heç bir paytaxt haqqında təsəvvür yox, ölkənin ordusu yox, pulu yox. Ən başlıcası, müstəqillik haqqında düşünə biləcəyi insanları olmaya-olmaya. Heç kimin heç müstəqillik ağlına da gəlmir, heç düşünmür ki, müstəqil olmaq nə deməkdir, müstəqil olmaq bizə nə verəcək. Biz o gün müstəqil olmasaydıq, Rusiyanın tərkibində Dağıstan, Qaraçay, Tatarıstan, Çeçenistan və başqa muxtar vilayətlər kimi Azərbaycan da bir muxtar vilayət olardı. Sonra nə olardı? Gürcüstan, Ermənistan müstəqil dövlət idi, Qarabağımızı və də digər torpaqlarımızı götürərdilər, necə ki, Qazaxdan, Gədəbəydən ərazi, Zəngəzuru, Göyçəni aparıblar, bir az da ətraf dövlətlər Qazaxdan götürüb öz tərkiblərinə qatardılar, Rusiya bir az Dağıstana birləşdirərdi. Nə qalardı? Kiçik bir muxtar vilayət, kiçik bir cameə. Rəsulzadə və silahdaşları bu məsuliyyətin altına girdilər və bir cümhuriyyət yaratdılar, həm də heç nədən yaratdılar, – deyə İqbal Ağazadə vurğulayıb.
Onun sözlərinə görə, cümhuriyyətçilik əslində Azərbaycan üçün dövlətçilik baxımından Rəsulzadə və silahdaşlarının bir peyğəmbərliyi idi: “Ona görə çox dəyərli idilər, indi də dəyərlidirlər. Biz hələ Qarabağımızı tam azad edib qurtara bilməmişik, hələ Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran bizim nəzarətimizdə deyil. Laçın koridorundan rus sülhməramlıları nəzarət etməyinə rəğmən, oradan ermənilər keçib gedir, hələ rayon mərkəzi bizdə deyil. Elan olunmuş, mövcud sərhədlər var, ordu var, ən başlıcası, o ölkənin müstəqilliyi uğrunda şəhid olmağa gənclik var və təəssüflər olsun ki, o adamlar onları qoruya bilmir. Hələ qoruya bilməmişik. Bizimlə Rəsulzadənin fərqinə baxın – bu gün lider dediklərimizlə, hər birimizlə Rəsulzadə və silahdaşlarının fərqinə baxın. Onlar heç nədən bir şey yaratdılar, ortaya çıxardılar. Biz mövcud olanı hələ qoruyub qurtara bilməmişik. Biz bu gün nəyimiz varsa, cümhuriyyət adına, dövlət adına, onlara, Rəsulzadəyə və silahdaşlarına borcluyuq.
Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı şəxsiyyətlər olub ki, onlar dövlətimiz üçün, xalqımız üçün, millət üçün dəyərli addımlar atıblar. Amma heç kim Rəsulzadə, Fətəli xan Xoyski, heç kim Əhməd bəy Ağayev, Topşubaşov, Ceyhun Hacıbəyli və yaxud Üzeyir Hacıbəyli, Əhməd Cavad və sairləri qədər bu məmləkət üçün, bu dövlət üçün adlarını saydığım, həmçinin saymadığım, amma ruhuna sayğı ilə yanaşdığım cümhuriyyətçilərimiz qədər kimsə bir şey etməyib. Biz də Rəsulzadə və silahdaşlarının övladları olaraq, borclarını verə bilmərik. Ən başlıcası, onlar bizim üçün bu boyda bir ölkə qoyublar”.
Qeyd edək ki, yanvarın 31-i Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub.
“İstiqlal” abidəsi isə 2007-ci il mayın 25-də “İstiqlaliyyət” küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidədir. Abidə üzərinə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş “İstiqlal Bəyannaməsi”nin həm əski, həm də latın əlifbası ilə mətni həkk olunub.
Şərh yaz