Ümid Partiyasının Rəyasət Heyəti üzvləri Şəkidə…

Ümid Partiyasının rayon görüşləri davam edir – Şəkidə konfransa hazırlıq iclası keçirilib

Ümid Partiyasının Rəyasət Heyəti rayon təşkilatları ilə görüşlərini davam etdirir. Bu istiqamətdə növbəti səfər iyunun 19-da Şəki rayonuna olub.

Görüşdə Ümid Partiyası Ali Məclisin sədri Rəfail Tağızadə, İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova, diaspor, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə şöbənin müdiri Murtuza Məmmədov iştirak ediblər. Partiya rəhbərliyinin üzvləri Şəki rayon şöbəsinin sədri, Məclis sədri, Nəzarət-Təftiş Komissiyasının sədri və fəallar ilə görüşüblər.

Tədbirə şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edilərək başlanıb. Tədbir zamanı partiyanın ümumi fəaliyyəti və qarşıda dayanan vəzifələr müzakirə edilib. Ümid Partiyasının Konstitusiyaya və Seçki Məcəlləsinə təklif edilən əlavə və dəyişiklikləri, eyni zamanda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Azərbaycan daxilindəki sosial-iqtisadi problemlərin həlli istiqamətində Ümid Partiyasının təklifləri müsbət dəyərləndirilib.

Partiya İcra Aparatının rəhbəri Taleh Əliyev Rusiya-Ukrayna müharibəsinə diqqət çəkərək, Azərbaycanın postmüharibə dövrünə hazır olmalı olduğunu vurğulayıb, o cümlədən ölkə müxalifətinin də müharibədən sonrakı proseslərə ciddi yanaşmalı və hazırlıqlı olmalı olduğu fikirlərini səsləndirib. O, qeyd edib ki, bu səbəbdən partiyanın yenidən təşkilatlanması, rayon təşkilatlarının, özəklərin qurulması çox vacibdir.

Görüşdə Ali Məclisin sədri Rəfail Tağızadə təşkilatlanma ilə bağlı çıxış edərək bu istiqamətdə təkliflər səsləndirib. Partiya sıralarının genişlənməsi müzakirə edilib, növbəti konfransa hazırlıq məsələləri danışılıb.

Partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova ölkədə keçirilməsi ehtimal olunan referendum və parlament seçkilərinə də toxunub və partiyanın bu seçkilərə hazırlıq səviyyəsi barədə fikirlərini bölüşüb. Eyni zamanda rayon təşkilatlarının seçkilərə hazırlığı, bu istiqamətdə qarşıya çıxan çətinliklər də müzakirə olunub.

Partiyanın Şəki rayon təşkilatının fəalları təşkilatlanmaq üçün onlara mane olan səbəblərdən və problemlərdən, rayonda müxalifət partiyalarının fəaliyyətindən, vətəndaşların siyasi proseslərdə aktivliyinin az olmasından danışıblar, durumu dəyişmək üçün atıla biləcək addımlar barədə də fikirlərini bölüşüblər. Problemlərin həlli və ictimailəşdirilməsi istiqamətində təkliflər verilib.

Ənənəvi olaraq, Şəki rayonunda da konfransa hazırlıq üzrə 9 nəfərdən ibarət konfransa hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin sədri Cavad İsmayıllı seçilib.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

 

Şərh yaz
PAYLAŞ