Ümid Partiyasının Ukraynanın ərazi bütövlüyü ilə bağlı Bəyanatı

Rusiyanın Donetsk və Luqansk kimi qondarma və separatçı qurumları tanıması bir daha onun göstəricisidir ki, keçmiş sovet respublikalarındakı etnik-milli konfliktləri Rusiya yaradıb, idarə edir və xalqları üz-üzə qoyaraq öz maraqlarını qoruyur.

Təəssüf doğuran hal budur ki, keçmiş sovet respublikaları bu problemi az qala hər biri yaşadığı halda, növbənin onlara çatmayacağı və ya Rusiya kabusunun onlardan və ölkələrindən yan keçəcəyi qənaətində olaraq Ukrayna faciəsinə də sükutla yanaşırlar.

Qərb dövlətləri isə hələ də dünyada yeni despotik liderlərin at oynatmasına öz ölkələrinin xırda maraqlarından o tərəfə baxa bilmirlər. Eynən İkinci dünya savaşındakı kimi…

Demokratiya iştirakçılıqdırsa, demokratikləşmədə hamı iştirak etməlidir, həm də səmimi və hüquqa ikili yanaşma olmadan…

Donetsk və Luqanskı Rusiyanın tanıması Qərb dünyasını qəzəbləndiribsə, Fransanın Dağlıq Qarabağı tanıması da eyni dərəcədə münasibət istəyirdi. Unutmalı deyildilər ki, Dağlıq Qarabağ konfliktini də Donetsk, Luqansk kimi Rusiya yaradıb, dəstəkləyib, separatçılığa rəvac verib, xalqları bir-birinə qırdırıb.

Qarabağı “tanıyıb”, Donetski tanımağı lənətləmək və ya ona qarşı durmaq hüquqdan və gerçək demokratiya istəyindən xəbər vermir, əziz qərbli dostlar.

Bizlər, Azərbaycanda demokratik cəmiyyət arzulayanlar və onun üçün mübarizə aparanlar həmişə Rusiyanın region və dünya siyasətinə qarşı olmuşuq, bu ölkənin hakimiyyətini demokratikləşmə üçün böyük əngəl hesab etmişik.

Sizlərdən separatizmə münasibətdə, seçkilərdə, demokratik proseslərdə ölkənizin maraqlarından deyil, hüququn aliliyindən dolayı yanaşma sərgiləməyinizi arzulayırıq. Heç olmasa, bu dəfə hüquqdan yana olaraq, Rusiyanı durdurmaq üçün ciddi addımlar atın.

Ukrayna xalqına isə səbr, cəsarət və dözüm arzulayır, “Azərbaycan Ukraynanın yanındadır!” deyirik.

#weallsupportukraine
#azerbaijanukraine
#standwithUkraine
#stopRussianAgression
#KarabakhisAzerbaijan
#LuganskisUkraine
#DonetskisUkraine
#umidpartyissupportukrainesindependence

Şərh yaz