Biz çox qəribəyik.
Daha çox babalarımızın qəhrəmanlığından danışırıq. Və daha çox tənqid etdiyimiz də elə babalarımız olur. Vaxtı ilə ANS-də “Dahilərin divanı” verlişi vardı. Nə qədər dahi dediklərimiz vardı, hamısını tənqid edirdik. Nə günahsız bir babamız qalırdı və dahimiz.
Özümüzdən başqa hamıda səhvlər axtarırıq. Çünki özümüz heç nə etməmişik. Olmayan şeydə nə səhv axtarasan?
Başqaları olmayanlarını böyüdüb gözümüzə soxur, bizsə olanımızı kiçildirik. Günahlandırırıq.
Bütün millətlər irəliyə baxırlar, bizsə geriyə. Ona görə də inkişaf edə, zamana, şəraitə uyğunlaşa bilmirik.
Dağıstanın xalq şairi Abutalıbın yadda saxlanılası gözəl bir deyimi var: “Keçmişə güllə atma, gələcək səni topa tutar”.
İşğal olunmuş bütün ərazilərin azad olunmasını bəlkə də ən çox istəyənlərdənik. Məğlub məmləkətin vətəndaşı olmaqdan xilas olmaq, qürurlu, hamının gözünün içinə dik baxa bilmək üçün. Amma vəziyyəti, basqalarının bölgədəki marağını və şəraiti az-çox bildiyimdən olanlarla razılaşmalı oldum.
Qarabağın heç olmasa bir kəndini, rayonunu almağı xəyal etdiyimiz çox da uzaq keçmiş deyil. İşğal olunmuş 7 rayondan başqa Xocavəndin bir hissəsini (Hadrutu), ən böyük arzumuz olan Şuşanı azad etdik. Şuşaya yenidən ayaq basa bildik. Şuşa Bəyannaməsini imzaladıq.
Qardaş dediyimiz, sonuncu Qarabağ müharibəsində yanımızda olan Türkiyə ilə Müttəfiqlik Münasibətləri Bəyannaməsi məhz Şuşamızda imzalandı. Artıq Türkiyə ilə bir yerdəyik. Bütün dünya bizim bir yerdə olduğumuza şahidlik etdi.
Bu bir tarixdir. Unudulmayacaq tarix.
Bəyannamənin imzası heç qurumamış, yenə təftiş başladı. Müddəalara yox, müddəalara dəxli olmayan, Bəyannamənin yükünə təsir etməyən sözə irad bildirərək, onu dəstəkləyənlərə qarşı çıxdılar. Bu Bəyannaməyə kölgə salmaqdır. Bunlar Bəyannaməni istəməyənlərin, ondan narahat olanların istəkləri ilə üst-üstə düşür. Və çox təəssüf doğurur.
Axı, biz bir şirinin xətrinə min acını yeyənlərik. Niyə bu dəfə min şirinin xətrinə bir acı yeyilmədi. Əslində, acı dediyimizin üstündən bu tarixi-möhtəşəm sənədə görə keçmək olardı. (Əgər o acıydısa).
Şuşa Bəyannaməsi millətin, dövlətin gələcəyinin təməlidir. Azərbaycanın yol xəritəsidir.
Özgə dəyirmanına su tökməyə çalışmayın, cənablar, gələcəyə bir şam yandırın.
Rəfail Tağızadə Ümid Partiyası Ali Məclisin sədri