Uşaqpulu problemi və dövlətin gücü olacaq çörəksiz kiçik vətəndaşlar…- RÖYA RƏFİLİ yazır

Ölkədə uşaqpulu müzakirələri davamlı şəkildə ictimai müzakirəyə çıxarılsa da, hökumət hərəkətə keçməkdə maraqlı görünmür. Əksinə, dövlət rəsmiləri, deputatlar, bəzi siyasi partiya sədrləri, hakimiyyətə trolluq edən media rəhbərləri hər fürsətdə uşaqlar üçün dövlət büdcəsindən pul verilməsinə qarşı çıxırlar. Uşaqpulu ailənin maddi vəziyyətindən asılı olmadan doğulan uşaqlara yetkinlik yaşına qədər verilməli olan puldur.

Avropada uzun illərdir uşaqlar üçün bu müavinət var və bu müavinət bütün ailələr üçün nəzərdə tutulub. Dövlət ailənin maddi durumu, valideynlərin işləyib-işləməməsindən asılı olmayaraq, hər uşaq üçün bəlli miqdarda vəsait ayırır. Yəni normal ölkələrdə uşaqpulu kasıb ailələrə yox, bütün uşaqlı ailələrə verilir. Uşaqpulu təkcə doğulan uşaqların sayını artırmağa təşviq üçün deyil, uşağın minimum yaşayışını təmin etmək üçündür. Yüzminlərlə uşağın ehtiyac içində yaşadığı Azərbaycanda isə uşaqpulu verilmir.

Avropa ölkələrində insanların iqtisadi durumu Azərbaycanla müqayisə edilməyəcək dərəcədə yüksək olsa da, dövlət hər doğulan uşağa yardım, yəni uşaqpulu ayırır və uşaq təqribən 18 yaşadək bundan yararlanır. Bu, yaşayış minimumuna yaxın bir rəqəmdir. Yəni dövlət bu vəsaiti ayırır və əmin olmaq istəyir ki, azından kiçik vətəndaşı aclıq həddində olmayacaq. Məsələn, bir neçə il yaşadığım Almaniyada dövlət hər uşağa 200 avro civarında aylıq müavinət ayırır. Bu, həm vətəndaşlar, həm də miqrantlar üçün nəzərdə tutulub.

Federal Statistika İdarəsinin məlumatına görə, 2021-ci ilin yanvar-noyabr aylarında ölkədə 631 mindən çox uşaq dünyaya gəlib. 2021-ci ilin noyabrında bu ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz daha çox uşaq doğulub. Bununla belə, ölkə hər il uşaqlara verilən müavinətin məbləğini artırır. 2022-ci il üçün Almaniya birinci və ikinci uşağa 219 avro müavinət nəzərdə tutub, üçüncü uşaqda bu rəqəm 225 avro, dördüncü və daha artıq uşaq üçün isə 250 avrodur. Bu, hər uşaq üçün ayrıca hesablanan aylıq məbləğdir. Yəni dörd uşaqlı ailə ayda 944 avro uşaqpulu alır. Fransa isə üç uşaq üçün birlikdə təxminən 690 avro uşaqpulu təyin edib. Göründüyü kimi bu rəqəmlər kiçik rəqəmlər deyil.

Hazırda Azərbaycanda 18 yaşa qədər təxminən 2,7 milyon vətəndaş var. Onlara təxminən aylıq yüz manat vəsait ödənilməsi il ərzində dövlət büdcəsinin təxminən doqquzda biri, yaxud 12 faizə yaxını deməkdir. Yüz manat isə yaşayış minimumundan da aşağıdır. Ən pisi isə odur ki, dövlət heç bu yüz manatı belə kiçik vətəndaşına vermək istəmir. Normal maaşı, yaşayışı, maddi, iqtisadi vəziyyəti olan avropalı uşaqlara dövlət dəstəyini verir. Səfalət içində olan Azərbaycanda isə bu, min cür bəhanə ilə yubadılır, müxtəlif şəxslər vasitəsilə cəmiyyətə çatdırılır ki, hərə öz uşağının qeydinə qalsın, dövləti ziyana salmaq olmaz. Hətta deputatlar səviyyəsində vurğulanır ki, Azərbaycanda ailələrin uşaqpuluna ehtiyacı yoxdur.

Problemin daha ciddi tərəfi odur ki, dövlət ehtiyacı olan uşaqların sayını da doğru hesablamır, statistika gizlədilir. Avropada yoxsulluq 15-20 faiz olduğu halda, hökümətin təqdim etdiyi statistikada guya bizdə cəmi 5 faizdir. Həm də bu səbəbdən gerçək yoxsullar, onların övladları dövlət sosial müdafiə sistemindən kənardadır.

Ekspert rəylərinə görə, hər 1000 avro milli gəlirin Avropada 20-25 avrosu, Fransada hətta 40 avrosu bilavasitə uşaqların sosial müdafiəsinə xərclənir. Azərbaycanda isə hər 1000 manat milli gəlirin cəmi 4 manatı uşaqlar üçün xərclənir. Bu 4 manat da əlilliyi olan uşaqlara, şəhid övladlarına, sosial yardım alan ailələrdəki uşaqların hesabına olan rəqəmdir. Ekspertlər ölkədə uşaq yoxsulluğunun ayrıca ölçülməsini də çıxış yollarından biri kimi təklif edirlər. Yəni azından bu uşaqların sayı hesablanaraq, onlara uşaqpulu ödənilə bilər ki, bu da tam olmasa da, problemdən çıxış yollarından biri ola bilər.

Azyaşlı vətəndaşlar və onların problemləri Ümid Partiyasının müvafiq proqramlarında konkret şəkildə və detallı göstərilib. Həm partiya, həm də partiya sədri İqbal Ağazadə tərəfindən bu problemlərdən çıxış yolları dəfələrlə təklif edilib. Partiya funksionerlərinin birgə müzakirəsi nəticəsində hazırlanan müvafiq proqramlarda dövlətin uşaqlara yönəlik sosial siyasəti indiki iqtidarla müqayisəedilməz dərəcədə fərqlənir və uşaqların birbaşa müdafiəsinə yönəlib.

İqbal Ağazadə dövlətin kiçik vətəndaşlarına uşaqpulu verməsinin qeyri-şərtsiz həyata keçirilməli olduğunu dəfələrlə vurğulayıb. Onun sözlərinə görə, dövlət demoqrafik problem olub-olmamasından asılı olmayaraq, uşaqpulu verməlidir. Yəni normal, vətəndaşını düşünən ölkələrdə dövlət uşaqpulunu ona görə verir ki, uşaq valideynləri ilə yanaşı, onun dövlət adlı bir babasının olduğunu da bilsin, görsün. Həmçinin uşaq dövləti necə sevmək lazım olduğunu, niyə sevmək lazım olduğunu həm də psixoloji cəhətdən qəbul etsin. Məsələn, uşaq 18 yaşına çatır və vətən uğrunda döyüşə gedir, əsgər gedir. Bu 18 yaşına çatan uşaq, hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, atası ilə, anası ilə yanaşı, onun bir dövlət adlı babası da var və onu bu yaşa çatdıran həm də dövlət babasıdır. “Həm də hamının babasıdır. O torpaq həm də hamınındır. Və o dövlət onun tərbiyə olunmasında, böyüməsində, çörəyində, geyimində, məktəbə getməsində mütləq və mütləq atası, anası qədər əziyyət çəkib, zəhmət qoyub. Dövlət bu cür sevilir. Dövləti sevdirməyin formullarından biri budur. Hər bir uşaq ən başlıcası həm də hər bir valideyn bir şeyə arxayın olur, başıma bir iş gəlsə, mənsiz belə övladım başsız qalmayacaq, onun bir dövlət deyilən babası var. Dövlət bundan ötrüdür”,- deyən Ümid sədri ölkədə ciddi demoqrafik problem olduğunu da bildirib.

Qeyd edək ki, Ümid Partiyasının “Ailə, uşaq, qadın problemləri proqramı”nda göstərilib ki, hökumətin uşaqlara yönəlik siyasəti ürəkaçan və gələcəyə yönəlik deyil, cari layihələrdən kənar dövlətin uşaq siyasəti layihələndirilmir. Ailə, qadın, uşaq problemləri Ümid Partiyasını ən çox narahat edən və prioritet hesab etdiyimiz sahələrdəndir. Proqramda uşaqlara qayğının, uşaqların müdafiəsinin fərqli formaları öz əksini tapıb. Məsələn, “Dövlətin kiçik modeli olan ailənin planlaşdırılması istiqamətində xüsusi dövlət proqramının hazırlanması prioritetlər sırasındadır. Ailənin sağlamlığının qorunması, uşaq dünyaya gətirilməsi, onların tərbiyə olunması və təhsili müvafiq qurumlar tərəfindən sistemli və ardıcıl proqramla qorunacaq və nəzarət ediləcək. Çoxuşaqlılıq dövlət tərəfindən himayəyə götürələcək. Hər bir uşağın doğulmasına görə ailəyə maddi vəsait ödəniləcək və bu vəsait uşaqlar 18 yaşına çatana qədər toxunulmaz qalacaq, bankda saxlanılan vəsaitin üzərinə hər il müəyyən faiz gələcək. Uşaqların sağlam və güvənli böyüməsini saxlamaq üçün sosial siyasətdə ailələrə yardım edilməsi mexanizmi sadələşdiriləcək. Bu istiqamətdə qanunda olan boşluqlar aradan qaldırılacaq, uşaqların hüquqlarını daha yaxşı qorumaq üçün uşaq ombudsmanı institutu yaradılacaq”.

Sözügedən proqramda Ümid Partiyası uşaqların müdafiəsinin tam təmin ediləcəyi barədə təkcə vəd vermir, konkret problemlərin həlli istiqamətləri, yollarını da göstərir. Azərbaycan hökuməti isə uşaqların hüquqları ilə bağlı neçə-neçə beynəlxalq sənədə imza atsa da, ölkədə uşaqlar dövlət qayğısından kənar və müdafiəsizdir. Avropada, normal ölkələrdə uşaq dövlətin gücüdür, sabahıdır, Azərbaycanda isə…

Şərh yaz