Dünya ölkələrinin siyasi partiyalarına nəzər salanda aydın şəkildə görmək olur ki, hər ölkənin siyasi vəziyyətindən asılı olmayaraq partiyaya ehtiyac kriteriyaları müxtəlifdir. Məsələn, ABŞ Demokrat Partiyası 1824-cü ildə yaranıb, ən qocaman partiyadır, əsas ideologiyası liberalizm və proqressivizimdir, 45 milyon üzvü var. Deməli, ABŞ əhalisinin təxminən 20 faizi bu partiyanın üzvüdür. Əgər ABŞ-da hər kəsin partiyalılığı olsaydı, elə hər partiyaya bu qədər üzv düşərdi.
Türkiyənin siyasi partiyalarına nəzər salanda da eyni mənzərəni görmək olur. Onlar da ABŞ kimi hər gün siyasi partiya yaratmaq ehtiyacı duymurlar. Siyasi meydana atılan hansısa bir gənc özünə partiya seçir, partiya yaratmır.
Azərbaycanda isə az qala hər kəsin öz partiyası var. Bizdə ən qocaman partiyanın 30 yaşı ola, ya yox. Əhali sayına görə isə təxminən 150 min adama bir partiya düşür. Bəs bizdə partiya yaratmaq eşqi hardandır?
Kimsə deyə bilər ki, biz gənc dövlətik, əhalinin seçim etmək qabiliyyəti zəifdir, liderlik hissimiz yüksəkdir və s. Ancaq bunlar əsas deyil. Biz özümüzü üçüncü dünya ölkəsinin vətəndaşları kimi aparmamalıyıq. Başa düşmək olar ki, hansısa qrantlar eşqinə, ya da başqa maraqlara söykənib yaranmış partiyalar mövcuddur. Onların zamanla fəaliyyətinin dayandığına şahid oluruq.
Azərbaycanda xalqın ümumi maraqlarını əhatə edən partiyalar çox az saydadır. Məsələn, Gədəbəy Gəncləri Partiyası (ad şərtidir). Bu partiyaya kimlər üzv olacaq? Gədəbəy gəncləri. Qazaxlı, ya da qusarlı gənc gəlib Gədəbəy Gəncləri Partiyasına üzv olar? Yox. Və ya Döyüşçülər Partiyası (ad şərtidir). Bu partiyaya da ancaq döyüşçülərin üzv olma ehtimalı var. Deməyim odur ki, siyasi partiya bütün ölkə əhalisini özündə cəmləməyi bacarmalıdır. Vətəndaşı yaşa, etnik qrupa, bölgəyə, elmi dərəcəyə və başqa kriteriyalara ayırmamalıdır. Bu nöqteyi-nəzərdən məhz Azərbaycan Ümid Partiyası hər kəsin partiyasıdır. Gədəbəylinin, qazaxlının, qusarlının, bakılının, bir sözlə, bütün ölkənin, Azərbaycan vətəndaşı olan hər kəsin partiyasıdır.
Azərbaycanda 70-ə yaxın partiya var. Onlardan bəziləri fəaliyyətini dayandırıb. Bir partiya fəaliyyətini niyə dayandırsın? Deməli, öncədən düzgün yol seçməyib. Hardasa yanlış edib. Daha dəqiq, artıq o partiyaya ehtiyac qalmayıb. Ümumiyyətlə, əhaliyə xidmət göstərməyən, öz platformasına əməl etməyən bütün partiyalar sonunda fəaliyyətini dayandırmağa məhkumdur. Belə olan halda seçim də azalır və insanlar daha yaxşı başa düşür ki, partiyalar onların həyatına istiqamət verir.
Bu gün isə ölkədə hər kəsə istiqamət verə biləcək, hər kəsin yerini müəyyən edəcək partiya Ümid Partiyasıdır. Çünki Ümid Partiyası “hər şey insan üçün” deyir, ilk insanı göstərir. Vətəndaşa nə lazımdır? Ölkədə elə bir sistem qurulsun ki, insan üçün ən yaxşısı olsun. Bunu isə yalnız Ümid Partiyası vəd edir.
Bəs, partiya liderinin partiyanın inkişaf fəaliyyətində rolu nə dərəcədədir? Təbii ki, liderin rolu çox böyükdür. Bütün ölkələrdə partiya üzvləri partiya liderinə oxşayır, çünki onları eyni dəyərlər, eyni platforma birləşdirir. Üzvlü, sədrli, hər kəs bir məqsədə qulluq edir. Məsələn, hər kəs bilir ki, Ümid Partiyasının sədri cənab İqbal Ağazadə intellektual, mədəni, natiq, uzaqgörən bir liderdir. İndi biz Ümid Partiyasının istənilən bir üzvünü dindirsək, ən azı, ilk baxışdan mədəniyyətini və intellektini görərik. Həmçinin, şəxsi müşahidəmdir ki, Ümid təmsilçilərinin hər birində yüksək ədalət hissi mövcuddur. Bu da öz növbəsində idarəçilik sistemində vacib amillərdən biridir.
Deməli, biz xatırladıq ki, siyasi partiyalara diqqət ayırmalıyıq, çünki onlardan biri iqtidar olub bizim həyatımıza istiqamət verir. Bəs biz hansı partiyanın iqtidar olmasını istəyirik? O partiyanın ki, hər şeyi insan üçün ölçüb-biçsin. Məsələn, sərmayəni daşa, binaya yox, insana qoysun. Ədalətli olsun ki, cəmiyyəti ədalətlə idarə etsin. İntellektual olsun ki, intellektual cəmiyyət formalaşdırsın. Uzaqgörən olsun ki, hansısa təhlükə yaxınlaşanda qabaqlayıcı tədbirlər həyata keçirsin və ölkəni xilas etsin. Kimlərsə şübhə ilə yanaşa bilər, amma mən əlimi vicdanımın üstünə qoyub deyirəm: bu gün xalq olaraq bizi istədiyimiz həyata apara, istədiyimiz cəmiyyəti yarada biləcək yeganə partiya Ümid Partiyasıdır. Bizim Ümid Partiyasından savayı ümid yerimiz yoxdur.
Elşad Barat