Yaşlı məmurlar, deputatlar niyə sayaqlayır?

İndi sizə yaşı 65-i keçən məmurların, sayıqlayan deputatların beyninin niyə bu qədər dayaz olmasından bəhs edəcəyəm…

Ötən ilin son günündə “New York Times”-da Northeastern Universitetinin psixologiya üzrə professorlarından olan Lisa Feldman Barrettin bir yazısını oxudum. Məqalənin adı ingiliscədə “How become a superager?”-dir. Superager nevrologiya terminidir, yəni yaşı 65-dən yuxarı olub beyni yaxşı işləyən deməkdir, yazı da bunun sirlərindən bəhs edir.

Oxuduqca anladım ki, son günlərdə ölkəmizdə baş verən hadisələri, deputatların gündəmə düşən sayıqlamalarını, ölkə rəhbərliyinin verdiyi açıqlamaları, bəyanatları, bir sözlə, iqtidar-müxalifət münasibətlərini, “iqtisadiyyatçılar”ın iki uzunqulağın arpasını bölə bilməməsinin əsl səbəblərini doğru dəyərləndirməmişik.
Ölkə başçısı yerli nümayəndələrin ağlına, potensialına, gücünə güvənmirsə, biz də boynumuzu qıldan incə edib xarici nümayəndələrin dediklərini əsas tutaq. Necə ki, ölkənin böhrandan çıxışı üçün yol xəritəsini məşhur “yerli nümayəndələr”ə deyil, beynəlxalq konsaltinq şirkətlərinə həvalə edib. Yol xəritəsi də yol xəritəsi ola, inşa tipli mübarək. Oxu ha oxu, labirint kimi içində elə azırsan ki, xəritədə nəinki yolu, Azərbaycanın özünü tapa bilmirsən.
Ölkə elə bil depressiyaya düşüb. Çökən iqtisadiyyatın insan həyatına təcavüzü bir tərəfdən, sağlıqla bağlı problemlər o biri tərəfdən.

Biz xəstə ölkənin viruslu vətəndaşlarıyıq. Vətəndaş bir yana, səhiyyəmiz xəstədir. Amma bu qədər neqativin içində sizə xoş xəbərim də var.

Elə ki, böyük dərdlə, şikayətlə özünüzə deyirsiniz ha, daha dayanacaq gücüm qalmadı. Deyim ki, bax, o zaman imdadınıza elm yetişəcək. Düzdür, bizdə elm də qətl olunmaq üzrədir. Amma “yerli” elmə güvənməyi təklif etmirəm, xaricilər “köməyimizə” yetişəcək bu dəfə də.

Sən demə, ən ağır günlər keçirən, problemlərdə batan insanlar ən uzun və sağlam yaşayan, 65 yaşdan sonra beyinləri daha dərin çalışan insanlar imiş. Deməli, Azərbaycan insanı dünya üzrə uzunömürlülər siyahısına daxil olacaq. Ölmək ölməkdi, xırıldamaq nə deməkdi? Xırıldaya-xırıldaya xırıltı səsindən beynimizi dərinləşdirəcəyik lap çox zorlayacağıq işləməsi üçün. Hara qədər gedər, gedər. Çox da kefinizi pozmayın, indiyədək sadaladığım həyatı sürmüsünüzsə, Anadolulu qardaşlarımızın sözü olmasın, “ha qayret”, deyib, gələcəyə hazırlaşın, plan qurmağa başlayın. Hətta lap əla olar ki, “A” nöqtəsindən bir “B” nöqtəsi olan yol xəritəsi cızın.

Xarici ekspertlərin nəyi bizdən artıqdır ki? Hansı millət bizim kimi bu qədər iş dalınca qaçır, aldığı məvacib ay sonuna qədər yetsin deyə yollar arayır, daha güvənli yolda getmək üçün alternativlər axtarır ( o qədər yol-yol deyirik ki, yolumuzu da azmışıq az qala, yiyəsiz qalma bir dərd, yolsuzluq bir dərd).

Bütün bu yaşadıqlarımız zövq verirmi, dəyərli vətəndaşım, soydaşım? Yox deyəcəyik. Çünki bunlar hamısı əmək istəyən, ağrı, acı istəyən şeylərdir.

Adını çəkdiyim yazıda deyilir ki, ağrı-acılar onsuz da vücudu tərk edərkən hiss edilir. Düzdür, Masaçusets ştatının, Boston universitetinin elm adamından durub acı öyrənəcək deyilik, biz acının “kral”ını yaşamışıq. Yerlisini yəni… Amma bu da keçər bir gün. Necə deyərlər çəkişməzsən, bərkişməzsən(Heç vaxt bu atalar sözünü sevmədim də, insan niyə bərkimək üçün çəkişsin ki?).

Bu günlərdə bir-birimizdən hal-əhval tutanda bir söz deyirik, “gedirik də, görək nə olur”. Gedək. Gedək, görək yolumuzda yenə nələr bizi gözləyəcək. Amma oxuduğum məlum yazıda da deyildiyi kimi bizlər ən ağır günlər keçirən, problemlərdə batan insanlar olaraq da ən uzun və sağlam yaşayan, 65 yaşdan sonra beyinləri daha dərin çalışan insanlar olacağıq. 65-dən sonra ha. Bu ifadə sizə nəsə deyir? Elə deyəsən bütün elmə əsaslanan hökümətimiz bizi düşünərəkdən pensiya yaşını qaldırdı.

Bu aralar qalxa-qalxa gedir hər şey. Bir biz də bu qədər problemlərə qalxan olsaq, lap əla olacaq. Bütün bunları etmək nə üçündür? Adam kimi yaşamaq üçün. Bəli, nə qədər kobud səslənsə də adam kimi… Biz onsuz da bu dünyanı bir şeylə təəccübləndirə bilərik: Adam kimi yaşamaqla…

Hə, bir də… Super ölkənin super yaşlananlarından biri olaraq… Necə deyərlər, qalx, qalx, sən ey mərd, qalx, yer titrəsin məhvərindən… (Nahid Hacızadə)

P.S. İndi aydın oldu ki, bizim yaşı 65-dən yuxarı olan məmurlarımızın, sayıqlayan deputatların beyni niyə bu qədər dayazdır? Sən demə gözəl ömür sürüblərmiş. Çətinlik çəksəydilər, Lisa Feldman xanımın dediyi kimi beyinləri daha dərin işləyərdi. Qınamayaq, başımıza gələr yoxsa. Amma deyəsən qınamaq daha yaxşı olar, onların yaşamı da bizim başımıza gəlsin deyə…

Tamilla Qualmi

Şərh yaz
PAYLAŞ
Azərbaycan Ümid Partiyasının sədr müavini