Əgər torpağını və xalqını qoruya bilmirsənsə, əgər xalqının rifanı yaxşı edə bilmirsənsə, sən yaxşı iqtidar deyilsən. Keçən bütün dönəmlər ərzində Azərbaycanın yaxşı iqtidarı olmayıb.
Bu sözləri Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə Xural TV-yə müsahibəsində deyib.
İqbal Ağazadə: Atatürkün 1923-cü ildə yazdığı fikirlərdən birinə istinad etmək istəyirəm: “İqtidarların yaxşı və ya pis olduğunu nədən bilmək olar? Onların məqsədlərindən. İqtidarın iki məqsədi, iki vəzifəsi var: torpağını, xalqını qorumaq və xalqın rifah halını yaxşılaşdırmaq. Əgər torpağını, dövlətini və xalqını qoruya bilmirsənsə, millətinin, xalqının rifahını yaxşı edə bilmirsənsə, sən yaxşı iqtidar deyilsən.”
Partiya sədri qeyd edib ki, keçən bütün dönəmlər ərzində Azərbaycanın yaxşı iqtidarı olmayıb. Müstəqillik tarixindən və ya hərəkat başlayandan bugünə qədər bizim yaxşı iqtidarımız olmayıb. Çünki o iqtidarlar bizim nə torpağımızı, nə xalqımızı qoruya, nə də rifah halımızı yaxşılaşdıra biliblər. Heç biri olmayıb, gerisi hekayədir. Təbii ki, torpaqla milləti qorumaq deyəndə millətin səsini, haqqını, hüququnu qorumaq və onun fiziki mövcudluğunu qorumaq, hər şey onun içərisində başa düşülür. Milləti qorumaq deyəndə Atatürk bunu bu cür ifadə edirdi. Çünki millətin verdiyi səsi, haqqını, hüququnu qorumasan, məhkəmə azad olmasa, azadlığını, hürriyyətini qorumasan, yaxşı iqtidar deyilsən. Kim deyə bilər ki, mən yaxşı iqtidaram? Kim deyə bilər ki, bu dönəmdə mən yaxşı iqtidar olmuşam? Kim torpağımızı qoruyub? Heç kimsə!