Özümə bahalı qalstuk, kostyum aldım, səliqəli şəkildə geyindim, saçlarımı da səliqəyə saldım. Lap deputata oxşayırdım. Sonra namizəd olduğum dairəyə getdim, kənd rayonlarından biri idi, yerli əhali ilə görüşdüm, xeyli dərdləşdik. Özümü keçən əsrin ortalarında hiss edirdim.
Söhbətimizin əvvəlində mən hansı partiyanı təmsil etdiyimi açıqladım. Sədr haqqında qısa məlumat verdim. Elə bu vaxt lap arxadan buxarı papaqlı, əlində əsası olan 70-i haqlamış bir kişi uca səslə dilləndi: “Hansı? O Yutubda danışan kişi? Onun söhbətləri mənim xoşuma gəlir”.
Sağ cınaqdan belinə və başına iki-üç şal dolamış yaşlı bir qadın sevincək halda: “Mən onu tanıyıram, nəvəmin telefonunda danışan kişidi, Allah onu sağ eləsin”.
Adamların arasında üzünü görə bilmədiyim yaşlı bir qadının təbəssümlü səsi: “O Yutubda danışan kişini mən də görmüşəm, nə deyirsə düz deyir”.
Lap qabaqda, mənim qənşərimdə qucağında uşaq olan orta yaşlı bir xanım adamların səsinə öz yorğun səsini qatdı: “O Yutubda danışan kişiyə deyin, ərimə bir iş versin, nolar”.
İnsanlar Yutubda danışan kişiyə müqəddəs ocaq, övlüya kimi inanırdılar.
Zəif səsi qocalığının paklığına qarışmış, beli 60° olmuş bir qadın: “Yutubda danışan kişiyə deyin, qazımız gəlmir”.
Camaat sanki hansısa pirdən, ocaqdan, müqəddəs bir yerdən kömək istəyirdilər. Yutubda danışan kişi hər kəsin ümid yeri olmuşdu. İnsanlar susmaq bilmirdi. Səs səsə qarışmışdı.
“Ona deyin nəvəm xəstədir, qurban olum, kömək et”.
“Ona deyin, kəndimizə yağış yağmasa, taxıl zəif olacaq.”
“Ona deyin, kənddə tibb məntəqəsi yoxdur, zülm çəkirik, xəstəmiz olanda vaxtında çatdıra bilmirik”.
“Ona deyin, unumuz qurtarıb”.
“Ona deyin…”
“Ona deyin…”
Bəs o kimdir?
O, yəni Yutubda danışan kişi Ümid Partiyasının sədri İqbal Ağazadədir. Camaat ona inanır. Elə bilirlər o yağış yağdıra bilir. Günəşi o çıxarır, o batırır.
Təbii ki, ölkənin ucqar yerlərində sosial durumu bir əsr gecikmiş insanların bu yanaşması və düşüncəsi İqbal Ağazadənin bu xalqa illərlə göstərdiyi fəaliyyətinin nəticəsidir. Artıq hər kəsdə “yutublu telefon” var və hər kəs ağı qaradan seçə bilir. O adamlar bu gün tərəfsiz görünə bilərlər, ancaq məqamı gələndə öz seçimlərini edəcəklər. Onların seçimi isə təbii ki, Yutubda danışan kişidir, başqa heç kim…
Qeyd edim ki, ölkənin ən etibarlı müxalifət partiyalarından biri olan Ümid Partiyası sonuncu seçkilərdə mənim də deputatlığa namizədliyimi irəli sürmüşdü.
Elşad Barat
Ümid Partiyasının Mətbuat Şöbəsinin rəhbəri